Haqqımızda ən son xəbərlər

Mediada biz

Tikinti sektorunda son xəbərlər

Dam örtüyü seçərkən nəyə diqqət yetirmək lazımdır?

Hazırda Azərbaycanın inşaat bazarında müxtəlif növ dam örtüyü materialları təklif olunur. Bu da öz növbəsində seçimdə çətinliklər yaradır. Biz bu məqaləmizlə istehlakçıların seçimində yardım olacağımıza ümid edirik.

İlk növbədə onu qeyd etməliyik ki, dam örtüyü seçərkən elə material seçməliyik ki, quraşdırıldıqdan sonra ən azı 10 il ərzində bu barədə düşünməyək. Dam örtükləri seçərkən nələrə diqqət yetirilməli olduğuna qısa nəzər salaq.

Dam örtükləri materiallarının bir neçə növü olur:

• Metal dam örtüyü. Bu variant bir neçə formaya sahib olur – metal kirəmit, profnastil və kenet qatlaması. Metal dam örtüklərinin quraşdırılması asandır və ucuz başa gəlir. Bununla belə, həmin dam örtüyü materialının altından güclü taxta konstruksiya və möhkəm bünövrə lazımdır. Əlavə elementlər qiyməti elə də yüksəltmir. Belə dam örtüklər istifadə müddətində temperaturun qalxması və enməsinə davamlı olur. Bu cür dam örtükləri həm də təmiz dam örtükləri hesab olunur. Üzərində mamır formalaşmır.

Metal dam örtükləri özləri də iki qrupa bölünür:
– Qara metal,
– Əlvan metallar,

Qara metallara aid olan dam örtüklərinin üzəri rəng təbəqəsi ilə örtülür. Bu cür dam örtüklərinə istehsalçı firmalar 10-15 il zəmanət verirlər. Lakin qara metalların paslanma və korroziyaya uğrama dərəcəsini nəzərə aldıqda, belə dam örtükləri bir qədər tez də sıradan çıxa bilər.

Əlvan metallara isə mis, alüminium və sink dam örtüklərini misal göstərmək olar.

Mis dam örtükləri keyfiyyətinə görə ən yaxşı dam örtükləri sayıla bilər. Mis dam örtüyünü təmizləməyə və kənar təsirlərdən qorumağa ehtiyac yoxdur. Bu xüsusilə də əlçatmaz və təhlükəli areallar üçün münasibdir.

Mis dam örtüklərinin digər bir özəlliyi isə zamanla rəngini dəyişməsidir. Əgər ilk gün dam örtüyü qızılı rəngdə olursa, bir neçə gün sonra dam hava ilə reaksiyaya girərək təbii şəkildə qəhvəyi rəngə boyanır. Uzun illər keçdikdən sonra isə rəng dəyişərək yaşıl olur. Bundan başqa, dam örtüyünün daim qızılı rəngdə olmasını istəyirsinizsə, bunun üçün də seçimlər var. Üzəri lakla örtülmüş mis dam örtüyü illər boyunca öz qızılı rəngini itirmir.

Alüminium və sink dam örtükləri də keyfiyyətinə görə ön sıralardan dayanır. Alüminium mis və sink ilə müqayisədə daha ucuz olması ilə seçilir.

Əgər tikdiyiniz binanın yüz il boyu gözəl qalmağını istəyirsinizsə, əlvan materialdan hazırlanmış dam örtüklərindən istifadə edilməsi tövsiyyə olunur.

• Yumşaq (bitum) dam örtükləri. Bu dam örtüklərinin müxtəlif formaları, rəngləri və çalarları mövcuddur. Bu material tozu özünə hopdurur. Yüksək temperature qarşı davamlı deyil. Temperatur dəyişikliyi bitum dam örtüklərini zədələyir. Bu dam örtükləri mexaniki təsirlərə (dolu, quşlar, yağış, qar) qarşı da davamlı deyil. Bu dam örtüklərinin altından mütləq taxta lövhələr vurulmalıdır ki, bu da qiyməti bir qədər yüksəldir.

• Təbii kirəmit (keramika). Kirəmit ən bahalı dam örtükləri sırasındadır. Kirəmit dam örtükləri Azərbaycana əsasən Türkiyə və Avropa ölkələrindən gəlir. Kirəmitin üzəri zamanla toz təbəqəsi ilə örtülür və mamırlaşır. Temperatur dəyişkənliklərinə qarşı dözümsüz olsa da, mexaniki təsirlərə qarşı dözümlüdür.

Bənzər yazılar